“Azərbaycan Uşaqları” İctimai Birliyinin və Azərbaycan Milli QHT Forumunun birgə təşkilatçılığı ilə “Yeni reallıqlar, yeni həllər: uşaqların ekran və virtual mühitə aludəçiliyi, müdafiəsiz vəziyyətə düşməsi” mövzusunda ictimai müzakirə təşkil olunub.

Gunxeber.Az-ın məlumatına görə, tədbirdə Milli Məclisin deputatları, dövlət qurumlarının nümayəndələri, qeyri-hökumət təşkilatlarının rəhbər şəxsləri, müxtəlif universitetlərin sosial iş ixtisası üzrə təhsil alan tələbələri, eləcə də “Azərbaycan Uşaqları” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Uşaq Sığınacağı–Reinteqrasiya Mərkəzinin sakinləri iştirak ediblər.

  • İctimai müzakirəni giriş sözü ilə açan “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə tədbir iştirakçılarını salamlayaraq mövzunun son dövrlər xüsusilə aktuallıq kəsb etdiyini vurğulayıb. O, zərərli rəqəmsal mühitin təsirinə məruz qalan uşaqların sayının gündən-günə artmasının ciddi narahatlıq doğurduğunu diqqətə çatdırıb.Onun sözlərinə görə sosial şəbəkələr üzündən artıq qurbana çevrilmiş uşaqlar,yəni hüquq mühafizə orqanları tərəfindən sosial şəbəkədəki oyunların təsirindən özünəqəsd etməsi,ailədə münaqişəli vəziyyətə düşməsi,fiziki şiddət görməsi aşkarlandığı halda sığınacağa yerləşdirilirlər.Təkcə mavi balina kimi oyunlar deyil,müxtəlif oyunlar,instagram,tik tok kimi plotformalar üzərindən tanışlıq səhifələri və tanış olduqdan sonra asılılıq yaranması,valideynlərin uşağına diqqət etməməsi və bu kimi çox problemlər var.Ən çox qızlar qurbana çevrilirlər və adətən qurbanlar 11-17 yaş arasında olur.Bəzi halda sosial şəbəkə təsirindən əziyyət çəkən uşaqlar intihar həddinə qədər çatır və belə olduqda tibbi müdaxiləyə ehtiyac yaranır.
    Tədbir çərçivəsində zərərli rəqəmsal mühitin qurbanına çevrilmiş real həyat hekayəsi əsasında hazırlanmış sosial çarxlar nümayiş etdirilib. Ardınca 4 panel müzakirəsi və açıq ictimai müzakirə təşkil olunub.

Birinci panel müzakirəsində Milli Məclisin deputatı Mehriban Vəliyeva və Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İsgəndərli “Təhsil və texnologiya arasında balans: rəqəmsal həllər uşağın inkişafına necə təsir edir?” mövzusu ətrafında çıxış ediblər.

  • Milli Məclisin deputatı Mehriban Vəliyeva çıxışında 2023–2027-ci illər ərzində süni intellektlə bağlı strategiyaların həyata keçirildiyini qeyd edib. O, valideynlərin bu istiqamətdə savadlandırılmasının və maarifləndirilməsinin vacib olduğunu vurğulayıb. Deputat bildirib ki, bu platformalar üzrə xüsusi proqramların hazırlanmasına və bu sahələrin daha geniş işlənməsinə ehtiyac var.
    Eyni zamanda, Təhsil Nazirliyi nəzdində uşaqların müdafiəsi üçün qaynar xəttin fəaliyyət göstərməsinin vacibliyini qeyd edib. Bu məsələlərin yalnız təhsilin işi olmadığını, səhiyyə, təhsil, QHT-lər və daxili təhlükəsizlik orqanlarının birgə fəaliyyəti tələb etdiyini vurğulayıb. Qeyri-Hökumət Təşkilatlarının da bu istiqamətdə savadlandırılması və bu barədə ciddi işlərin görülməsinin zəruriliyini vurğulayıb.
  • Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İsgəndərli çıxışında “Qaynar xətt” ideyasının vətəndaş cəmiyyəti təşkilatları səviyyəsində qaldırılmasının zəruriliyini vurğulayıb. Onun sözlərinə görə, bu sahədə fəaliyyətlər sistemli şəkildə aparılmalıdır. Elə bir mexanizm qurulmalıdır ki, bu cür hallar baş verdikdə operativ və çevik müdaxilə mümkün olsun.

İkinci paneldə Milli Məclisin deputatı Azər Allahverənov və Qadın Konsensus Mərkəzinin rəhbəri, jurnalist və yazıçı Aynur Camalqızı “Rəqəmsal uşaqlıq: süni intellekt dövründə uşaqlıq anlayışı necə dəyişir?” mövzusunda fikirlərini bölüşüblər.

  • Milli Məclisin deputatı Azər Allahverənov çıxışında bəzi platformaların Azərbaycan üzrə rəsmi ofislərinin olmamasına diqqət çəkib. O bildirib ki, həmin platformaların ölkəmizdə ofisləri fəaliyyət göstərməlidir. Deputatın sözlərinə görə, qanunvericiliyə zidd hallar aşkar edildiyi təqdirdə müvafiq məhdudiyyətlər tətbiq olunmalıdır. Eyni zamanda, platformalarda istifadəçilərin şəxsi məlumatlarının qorunması təmin edilməlidir.
  • Qadın Konsensus Mərkəzinin rəhbəri, jurnalist və yazıçı Aynur Camalqızı çıxışında sosial platformaların tamamilə təcrid olunmasının doğru olmadığını bildirib. O vurğulayıb ki, bu sahədə qadağalardan daha çox, interaktiv və maarifləndirici təhsil mexanizmlərinin inkişaf etdirilməsinə ehtiyac var.
    Üçüncü panel müzakirəsində Milli Məclisin deputatı Ceyhun Məmmədov və Bakı Psixologiya Mərkəzinin uzman psixoloqu və psixoterapevti Nərmin Osmanlı “Ekran arxasındakı təhlükələr: rəqəmsal mühitdə uşaqların psixososial riskləri” mövzusunda çıxış ediblər.
  • Milli Məclisin deputatı Ceyhun Məmmədov çıxışında uşaqlara kütləvi şəkildə mobil telefonların verilməsinin yaratdığı problemlərə diqqət çəkib. O, 2 yaşınadək uşaqlara telefon verilməsini məqsədəuyğun hesab etmədiyini bildirib. Deputat eyni zamanda təhlükəli sosial media platformalarına uşaqların əlçatanlığının azaldılmasının vacibliyini vurğulayıb.
  • Bakı Psixologiya Mərkəzinin mütəxəssis psixoloqu və psixoterapevti Nərmin Osmanlı çıxışında psixososial baxımdan təhlükəsiz mühitin yaradılmasının vacibliyini qeyd edib. Onun sözlərinə görə, uşaqlara riskləri təhlil etmə və təhlükələrə hazır olma bacarıqları aşılanmalıdır. Nərmin Osmanlı bildirib ki, təhlükəli oyunlar uşaqları real mühitdən uzaqlaşdırır və onlarda zorakılığa meyli artırır.
    Dördüncü panel müzakirəsində isə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Uşaqların Müdafiəsi İdarəsinin rəis müavini Günel Səfərova və Regional İnkişaf İctimai Birliyinin nümayəndəsi Gülbağda Leysanova “Uşaqların rəqəmsal təhlükəsizliyi kimin məsuliyyətidir: valideyn, dövlət yoxsa vətəndaş cəmiyyəti?” mövzusu ətrafında müzakirə aparıblar.
  • Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Uşaqların Müdafiəsi İdarəsinin rəis müavini Günel Səfərova çıxışında qanunvericilik bazasının gücləndirilməsi ilə yanaşı, kibertəhlükəsizlik sahəsində ayrıca qanunun qəbul edilməsinə ehtiyac olduğunu vurğulayıb. Onun sözlərinə görə, kiberbullinq və kibertəhlükəsizlik mövzularında maarifləndirmə kampaniyalarının komponenti gücləndirilməlidir. Bu prosesə müəllimlər və məktəb psixoloqları aktiv şəkildə cəlb olunmalıdır.Günel Səfərova vətəndaş cəmiyyəti institutlarına müraciət edərək, bu sahə üzrə hesabatların və tədqiqat materiallarının hazırlanmasını, eyni zamanda maarifləndirmə fəaliyyətində düzgün və effektiv iştirakın təmin edilməsini təklif edib. O, həmçinin bu istiqamətdə vahid təlim modulunun formalaşdırılmasının vacibliyini qeyd edib və uşaqların marağını cəlb edən qısametrajlı sosial videoçarxların hazırlanmasının əhəmiyyətini vurğulayıb.
  • Regional İnkişaf İctimai Birliyinin nümayəndəsi Gülbağda Leysanova çıxışında valideynlər və uşaqlar üçün real nümunələr (keyslar) əsasında maarifləndirmə işlərinin artırılmasını təklif edib. Onun sözlərinə görə, valideynlər sosial platformalarda qarşılaşa biləcək təhlükələr barədə övladlarını əvvəlcədən məlumatlandırmalıdırlar. Gülbağda Leysanova bu istiqamətdə maarifləndirici layihələrin həyata keçirilməsinin vacibliyini də qeyd edib.

Tədbirin sonunda iştirakçılar arasında açıq müzakirələr aparılıb, mövzu ilə bağlı təklif və tövsiyələr səsləndirilib.

  • İctimai müzakirədə təkliflər:
    Sosial platformaların yaş kateqotiyasına uyğun tənzimlənməsi.

Ekspert şurasının yaradılması.

İctimai şuraların ciddi fəaliyyət göstərilməsinə ehtiyacın olması.

Kiber təhlükəsizlik və proqramlaşdırma istiqamətində təlimlərin hazırlanması.

Təhlükəli rəqəmsal texnologiyalar ilə bağlı yeni qanunun hazırlanması

Qeyd edək ki, tədbir müddətində irəli sürülən real və praktik təkliflər kitab halında nəşr olunacaq.